Oluxan Musayev: Pekində yaşadığım hissləri Rioda da yaşamaq istəyirəm

Nüvə itələmədə Pekin Paralimpiadasının qalibi olmuş Oluxan Musayevin azerisport.az saytına müsahibəsi:
- Səfər ərəfəsində hisslərinizi bilmək istərdik.
- Üçüncü dəfə Paralimpiya Oyunlarına qatılacağam. Bütün paralimpiyaçılarımıza uğurlar arzulayıram. Rio-2016-ya çox yaxşı hazırlaşmışam. London Paralimpiadası mənim üçün bir qədər uğursuz alındı. Bu da zədəli olmağımla bağlı idi. Pekindəki uğurumu Rioda təkrarlamağa çalışacağam.
- Bir müddət öncə İranın paralimpiyaçılardan ibarət atletika komandası Bakı Olimpiya Stadionunda toplanış keçdi. Bəs siz harda hazırlıq keçmisiniz?
- Toplanış keçmək üçün ölkəmizdə çoxlu əlverişli yerlər var. Gözəl təbiəti olan rayonlarımızda toplanış keçmişik. Hazırlıq prosesindən tam razı qaldım. Adətən Paralimpiadaya 4-5 ay hazırlaşırlar. Amma mən bu yarışa 8 aydı ki, hazırlaşıram. İndi formamın pik nöqtəsindəyəm. Şükür Allaha, bu dəfə hər hansı zədəm də yoxdur.
- Paralimpiadada əsas rəqibləriniz kimlər olacaq?
- Mənim üçün hamı ciddi rəqibdir. İkiqat paralimpiya çempionu olmuş kubalı idmançını xüsusən fərqləndirərdim. İran atleti də yetərincə güclüdür. Həmçinin yerli publikanın dəstəkləyəcəyi Braziliya idmançısını siyahıdan silmək olmaz. Amma mən də zəiflər sırasında deyiləm. Bu yarışa tam hazıram.
- Dünyanın ən nəhəng stadionu Marakanada çıxış etmək sizi həyəcanlandırmır?
- Orda özümü itirəcəyimi düşünmürəm. Əksinə, dünyanın ən böyük arenasında həvəslə yarışacağam. Marakananın ab-havasını yaşamağı səbirsizliklə gözləyirəm.
- İstənilən əyarlı medal sizi qane edəcək?
- Paralimpiya Oyunlarında və Olimpiadada hər medal qızıl dəyərindədir. Amma hamıdan seçilmək üçün çempion olmağın ayrı yeri var. Bu idmanda ən böyük zirvədir. Pekində yaşadığım hissləri Rioda da yaşamaq istəyirəm.