Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı
Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
- Olimpiadadan sonra istirahət davam edir, yoxsa məşqlərə başlamısan?
- Hazırda Bakıdayam. Yığmanın məşqlərində iştirak edirəm. Hazırlıq prosesini Nurəddin Rəcəbov və Akif Əliyevin rəhbərliyi altında keçirik.
- Cəmşid Xeyrabadini baş məşqçi postunda Şaban Donatın əvəzləyəcəyi gözlənilir…
- Onun məsələsi hələ dəqiqləşməyib. Hazırda yüngül məşqlər keçirik.
- Dekabrda Macarıstanda keçiriləcək dünya çempionatına qatılacaqsan?
- Elə bir fikir var. Amma o hələ dəqiq deyil. Bəzi yarışlarda 71, bəzi turnirlərdə isə 66 kq-da çıxış edəcəyəm.
- Olimpiadadan sonra hər hansı zədə yoxdur?
- Yox, hər hansı zədə yoxdur. Ancaq ağır mövsümdən sonra yüngül məşqlərlə kifayətlənirik ki, orqanizm özünə gəlsin.
- Olimpiadadakı çıxışından razı qaldın?
- Mən heç vaxt çıxışımdan razı qalmıram. Hər yarışdakı çıxışımı təhlil edirəm ki, növbəti turnirdə həmin səhvləri təkrarlamayım. Amma Olimpiadada hər medalın dəyəri var. Deməzdim ki, tam razı qaldım. Amma bürünc medala görə də şükr edirəm. Çalışacağam ki, gələcək yarışlarda daha uğurlu çıxış edim.
- Çəkisalma sənə hansısa problem yaratmadı?
- Yox, bununla bağlı məndə hər hansı problem olmadı. Amma bəzi nüanslar var ki, onları açıqlaya bilmirəm.
- Çoxları baş məşqçi Cəmşid Xeyrabadinin funksional hazırlığı düzgün keçmədiyi üçün yunan-Roma güləşində nəticələrin yaxşı olmadığını düşünür. Bu haqda sənin də fikirlərini bilmək maraqlı olardı.
- Olimpiadada çempion ola bilməməyim bəzi insanların günahıdır. Məşqçilər bizi çox yaxşı hazırlaşdırmışdı. Ötən il Avropa Oyunlarının və dünya çempionatının qalibi oldum. Yığmayla Dünya Kubokunu qazandım. Unutmayaq ki, həmin vaxt millidə baş məşqçi Cəmşid Xeyrabadi idi. Amma mənimlə şəxsən yığmada köməkçi-məşqçilərdən biri olan Fuad Rəhmani işləyirdi. Son 4 ildə güləşəndə o xalçanın yanında o əyləşir. Onunla həm dost, həm də qardaş kimiyik. Sadəcə, daha yaxşı çıxış etməyimə bəzi səbəblər imkan vermədi. Təəssüf ki, bunu açıqlaya bilmirəm. Baş məşqçi mənim yerimə güləşəsi deyildi ki. Uğursuzluqda məşqçilərin günahının olduğunu düşünmürəm.
- Yarımfinaldakı məğlubiyyəti psixoloji təzyiqlə bağlamaq olar?
- Bəzi insanlar vardı ki, mənim psixoloji durumumu korladı.
- Adlarını çəkmədiyin şəxslər indi də Güləş Federasiyasında çalışır?
- Yox, burada federasiyalıq bir iş yoxdur. Onlar başqa şəxslərdir.
- Yarımfinalda serbiyalı Davor Ştefaneklə qarşılaşsaydın, sənin üçün daha münasib olardı?
- 1/8 finalda məğlub etdiyim rusiyalı İslambek Albiyev son Avropa çempionatının finalında Ştefanekə 9:0 hesabıyla qalib gəlmişdi. Davoru mən də bir dəfə eyni hesabla üstələmişəm. Mənim üçün heç bir rəqibin fərqi yox idi. İstənilən rəqibə Olimpiadaya 2 həftə qalmışa kimi qalib gəlməyə qadir idim. Amma son 2 həftədə bəzi insanlar məni psixoloji cəhətdən geri saldı. Ümidvaram ki, lazımi tədbirlər görülüb və onlar layiqli cəzasını alacaq.
- Finalı izlədin?
- Son görüşə baxmamışam. 3-cü yer uğrunda qarşılaşmadan sonra məni dopinq-nəzarətə apardılar. Məndən test götürdülər. Ona görə finalı izləmədim. Heç sonra da həmin görüşə baxmadım.
- Atletlər kəndindəki qidadan narazılıq edənlər var idi. Sən də yeməklərdən narazı idin?
- Mənim üçün hər hansı problem olmadı. Pəhrizimə həmişə sadiqəm. Qarşıma çıxan hər şeyi yemirəm. Rioda hansısa problemlə üzləşmədi.
- Qarşıdakı olimpiya tsiklində həm 66, həm də 71 kq-da çıxış edəcəksən?
- Özümü çox yükləməmək üçün bir çox yarışlarda yuxarı çəkidə mübarizə aparacağam. Ancaq əsas yarışlarda 66 kq-da çıxış edəcəyəm. Bəlkə arada 75 kq-da da qüvvəmi sınadım. Belə bir ehtimal da var. Ancaq çəkim azdır. Bu üzdən həmin kateqoriyada daimi qalmağı düşünmürəm. 75 kq-da növbəti Olimpiadada uğur qazanmaq mənim üçün çətin olar.
- İlin sonunda keçiriləcək ölkə çempionatına qatılacaqsan?
- Böyük ehtimalla, yox.