Niyaməddin Paşayev: Rioda 4 illik əməyimizin bəhrəsini görə bildik

Taekvondo Federasiyasının yığmalar üzrə vitse-prezidenti Niyaməddin Paşayevin azerisport.az saytına müsahibəsi:
- Olimpiadada iştirak edən 4 taekvondoçumuzdan 3-ü medal qazandı. Komandadan belə məhsuldar çıxış gözləyirdiz?
- Bu Olimpiada bizim üçün ən uğurlu yarış oldu. Bu 3 medaldan birinin qızıl olması sevincimizi daha da artırır. 4 illik əməyimizin bəhrəsini görə bildik.
- Fərdə Əzizova hakimlikdən gileylənib. Onu haqlı sayırsız?
- Yəqin ki, həm Miladın, həm də Radikin döyüşlərini izləmisiz. Onlar rəqiblərini tutaraq başa zərbə endirdi və bu xal kimi qeydə alınmadı. Amma Əzizovanın koreyalı taekvondoçuyla görüşdə eyni şeyi rəqib etdi, ona xal verildi. O zərbə sayılmasaydı, Fəridə finala çıxa bilərdi. Daha sonra Kot d'İvuarlı rəqibə də uduzaraq medalsız qaldı. Halbuki onun potensialı finala çıxmağa imkan verirdi.
- Radik Avropa çempionatında uğursuzluqla üzləşdiyindən ondan qızıl medal gözləyənlərin sayı çox deyildi. İsayevin uğuru sizin üçün də sürpriz oldu?
- Əvvəlcə onu qeyd edim ki, o dünya və Avropa çempionatlarına 87 kq-da qatılıb. Olimpiadaya isə +80 kq-da yollanmışdı. Avropa çempionatı ərəfəsində məşqçi Olimpiadaya görə onu çox yükləmişdi. Həm də çəkiyə tam uyğunlaşmadığından yaxşı çıxış edə bilmədi. Daha öncə dünya və Avropa çempionu olmuş birisinin son qitə birinciliyində medalsız qalması ciddi önəm kəsb etmirdi. Bizim üçün əsas Olimpiya Oyunlarında uğur qazanmaq idi ki, Radik də buna nail oldu.
- Olimpiada ərəfəsində Milad çempionluğa daha real namizəd sayılırdı. İranlı dünya çempionuna qalib gəldikdən sonra qızıla gedən yolun açıq olduğunu düşünürdük. Ancaq yarımfinalda britaniyalı rəqibinə uduzdu. Bunun səbəbi nə idi?
- Milad iranlı taekvondoçuyla çox gərgin döyüş keçirdi. Stress böyük idi. Döyüşlər arasında interval qısa olduğundan Harçeqani toparlana bilmədi. Məncə növbəti döyüşə psixoloji cəhətdən özünü tam hazırlaya bilmədiyi üçün uduzdu.
- Kişilərdən ibarət yığmanın baş məşqçisi ilə müqavilə müddəti uzadılacaq?
- Olimpiadada kişilərin 1 qızıl, 1 bürünc medal qazanması böyük uğurdu. Taekvondo Federasiyası olaraq bu nəticədən razıyıq. Bu, Mehmandostun keçdiyi məşqlərin, idmançılar üzərində çəkdiyi əziyyətin bəhrəsidi. Onunla hazırki müqavilə ilin sonuna kimidi. ATF-nin prezidenti Kəmaləddin Heydərov əməkdaşlığın davam etdirilib-etdirilməməsinə qərar verəcək.
- Bir çox yığmalardan fərqli, toplanışları ölkə xaricində yox, vətəndə keçdiz. Uğurunuzun sirri nədədi?
- Baş məşqçiylə toplanışlarla bağlı söhbət etmişdik. O dedi ki, mən komandamızın hazırlıq prosesindən başqalarının məlumat almasını, idmançılarımızın durumunu rəqiblərin bilməsini istəmirəm. Ona görə də başqa ölkələrin komandalarıyla birgə toplanış keçmədik. Halbuki 8 ölkədən birgə hazırlıq keçməklə bağlı təklif almışdıq. Onlardan imtina etdik. Məqsəd o idi ki, rəqiblər taekvondoçularımızın hansı səviyyədə olduğunu bilməsin.
- Adətən Olimpiadada medal qazananlar uzun müddət yarışlara qatılmır. Siz də bu yolla gedəcəksiniz?
- Hələ vətənə yeni qayıtmışıq. Hardasa 1 ay istirahət edəcəyik. Bundan sonra hazırlıq planı və ilin sonunadək keçiriləcək yarışlarda iştirakla bağlı qərar veriləcək. Ancaq böyük fasilə olmayacağını indidən söyləyə bilərəm.
- Olimpiyaçılarımızdan çəkisini dəyişən olacaq?
- Yalnız Patimat Abakarovanın çəkisini dəyişmək ehtimalı var. Ola bilər ki, qarşıdakı tsikldə 53 kq-da döyüşsün. Amma bu kateqoriya olimpiya çəkisi deyil. Tokio-2020-yə qatılmaq şansı olsa, yenə ən yüngül çəkiyə keçməli olacaq.
- Karate növbəti Olimpiadanın proqramına salınıb. Bu, taekvondo üçün hər hansı təhlükə yaratmır?
- Mən bildiyimə görə hələ karatenin Tokio-2020-nin proqramına salınması təsdiqlənməyib. Bu, baş versə belə, taekvondo üçün hansısa təhlükə yoxdu. Karate Yaponiyada, taekvondo Koreyada yaranıb. Tam fərqli idman növləridi.
- Sizin, Rəşad Əhmədovun döyüşdüyü vaxtlarda yığmada legioner yox idi. Indi isə 4 olimpiyaçıdan 3-ü legionerdi. Bu sizi narahat etmir?
- Azərbaycan bayrağı altında çıxış edən və onu yüksəldən hər bir idmançı bizimdi. Himnimizi oxuyursa, deməli, Azərbaycan idmamçısıdı.