Demyanenko: Olimpiadada medal qazanmaq inanılmaz hisslər oyadır
“Rio-2016”da birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş medal qazanan Azərbaycan idmançısı Valentin Demyanenko ilk təəssüratlarını bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Valentin, səni təbrik edirik. Hansı hissləri keçirirsən?
- Olimpiadada medal qazanmaq inanılmaz hisslər oyadır. Gərgin yürüş oldu. Rəqiblər çox güclü idi. Elə alındı ki, ikinci oldum.
- Ümumiyyətlə, özün hansı nəticəni gözləyirdin?
- Olimpiadaya gələn hər bir idmançı qızıl medal arzulayır. 2-ci, 3-cü, 4-cü olmaq istəyən yoxdur.
- Ancaq konkret rəqiblərin siyahısına baxanda idmançı düşünür ki hansı yeri tuta bilər.
- Hər kəs öz gücünü bilir və öz gücünə inanır. Buradakılar da öz güclərinə inanan idmançılardır.
- Nəticə elə alındı ki, Azərbaycanın Rioda 10-cu medalını sən qazandın. Bizim oxuculara nə deyə bilərsən?
- İdmanla məşğul olun. İdman həmişə irəli aparır, sağlamlıqdır. Digər yandan da idman nizam-intizamdır, insanı məsuliyyətə öyrədir.
- Sən bir çox mötəbər yarışlarda iştirak etmisən. İndi nə hiss edirsən? Fiziki hazlr idinmi?
- 100 faiz hazır idim.
- Nəzərə alsaq ki, ötən olimpiadada medal olmadı, indi gümüş medal əla nəticədir.
- Mənim üçün deyil. 15 yaşımdan, həyatımın yarısını bu idmanla məşğul oluram.
- Ümid edirik, Tokioda qızıl medal olacaq.
- Tokioda 200 metrlik yarışı ləğv edirlər. Başqasına keçmək lazım gələcək.
- Evə dönəndə birinci nə etmək istəyirsən?
- İlk növbədə atamın anamın yanına gedib sevincimi onlarla bölüşmək istəyirəm. ("İdman" qəzeti)