Millimizin rəqibləri müəyyənləşdi
8 sentyabr 2012 03:04
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası bu ilin 27 noyabr-2 dekabr tarixində Qətərin Doha şəhərində ilk dəfə olaraq Dünya Hokkey Liqası turnirində mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, dünyanın 74 ölkə təmsilçiləri arasında reytinq sıralamasında 38-ci yeri tutan hokkeyçilərimizin həmin yarışın "B" qrupundakı rəqibləri Şri-Lanka, Qətər və Birləşmiş Ərəb Əmirlikləri yığmaları olacaq. "A" qrupunda isə Oman, Türkiyə və Özbəkistan təmsilçiləri ən yaxşıları müəyyənləşdirəcəklər.
Yekunda qrup qalibləri və digər qrupun 2-cilərinin qarşılaşmasında finalçılar aşkar ediləcək. Dekabrın 2-də keçiriləcək həlledici oyunda isə qalib gələn komanda Dünya Hokkey Liqasında II mərhələdə yarışmaq hüququ qazanacaq.
Hazırda reytinqə görə planetin 16-cısı olan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası da anoloji yarışda iştirak edəcək. Ancaq həmin turnir 2013-cü ilin ilk aylarında təşkil olunacağından hələlik rəqiblərimiz və yarışın keçiriləcəyi yer barədə dəqiq məlumat verilməyib.