Yığmamız AÇ-da ilk qələbəsini qazandı
Azərbaycanın 21 yaşadək oğlan otüstü hokkeyçilərdən ibarət seçmə komandası Çexiya Respublikasının Hrades Kralove şəhərində keçirilən Avropa çempionatında dünən 3-ü turda Litva hokkeyçiləri ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. Azerisport.az xəbər verir ki, ilk 2 turda Çexiya və Türkiyə hokkeyçilərinə müvafiq olaraq 1:4 və 1:3 hesabı ilə məğlub olan yığmamız dünən Litva təmsilçiləri ilə görüşdə kifayət qədər üstün tərəf olsa da, qələbə yalnız 1 top üstünlüklə ifadə olunub.
Matçın 24-cü dəqiqəsində komandamızın kapitanı Kənan Şirinov çoxsaylı qol imkanlarının birindən istifadə edərək hesabı açıb.Tərəflər fasiləyə elə hokkeyçilərimizin 1:0 hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissə də həmyerlilərimiz üstün oyun nümayiş etdirərək 47-ci dəqiqədə hesabı 2:0-a çatdırıblar. Bu dəfə də Kənan Şirinov fərqlənib. Lakin 3 dəqiqə keçmiş litvalılar hesab arasındakı fərqi yenə də 1 topa endiriblər. Sona 2 dəqiqə qalmış Anar Abdullayev yenidən komandamızın hesabda 2 top fərqlə irəlidə olmasına şərait yaradıb. Amma sonuncu dəqiqədə Litva hokkeyçiləri daha bir qol vuraraq matçın 3:2 hesablı qələbəsini rəsmləşdiriblər.
Dünən III tur çərçivəsində keçirilən digər 2 oyun belə nəticələnib:
Türkiyə - Slovakiya – 1:2 (1:1)
Çexiya – Cəbəllütariq – 4:3 (3:0)
Beləliklə, keçirdikləri 3 oyunun hamısını qələbə ilə başa vuran Çexiya hokkeyçiləri 9 xalla vahid liderdirlər. Rəqibindən 2 xal geri qalan Türkiyə komandası II yerdədir. Aktivində 4 xalı olan Slovakiya yığması III pilləni tutur. Azərbaycan idmançıları 3 xalla hələlik 4-cü yerdə qərarlaşıb. 2 oyunu heç-heçə və 1-ni məğlubiyyətlə başa vuran Cəbəllütariq təmsilçiləri V sıradadırlar. İlk 3 oyunda məğlub olan Litva komandası cədvəldə sonuncudur.
Bu gün yarış iştirakçıları istirahət edir. Sabah IV tur çərçivəsində Azərbaycan yığması Slovakiya təmsilçiləri ilə qarşılaşacaq. Nəhayət, qitə çempionatının sonuncu günü - iyulun 26-da seçmə komandamız Cəbəllütariq hokkeyçilərini sınağa çəkəcək.
Xatırladırıq ki, bu yarışda ilk 2 yeri tutan komanda Avropa çempionatının II divizionuna vəsiqə qazanacaq. (AOHF)