Kişi hokkeyçilərimiz ciddi sınaq qarşısında
Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində etdiyi dəyişiklərə görə, 2016-cı il Braziliyanın Rio de Jeneyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak etmək qaydaları yenilənib. Azerisport.az xəbər verir ki, bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim “Dünya Hokkey Liqası” adı altında təşkil olunan turnirlər vasitəsi ilə həyata keçirilir.
Odu ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz qeyd olunan turnir vasitəsi ilə reallaşa biləcək. Planetin reytinq cədvəlində 33-cü yeri tutan kişilərdən ibarət yığmamız Dünya Hokkey Liqasının 1-ci mərhələsindən mübarizəyə başlayacaq. Həmin yarış 2014-cü il sentyabrın 5-dən 7-dək Omanın Muskat şəhərində keçiriləcək. Komandamız qarşıdakı turnirdə uğurlu çıxış edərək 2-ci mərhələyə vəsiqə qazanmaq üçün Bakıda son məşqlərini keçirir və sentyabrın 2-də Omana yola düşəcək.
Azərbaycan hokkeyçilərinin mübarizə apardığı qrupda 4 ölkə təmsilçisi dairəvi sistemlə qalibi aşkar edəcəklər. Azərbaycan komandası təqvim üzrə ilk oyununu sentyabrın 5-də İran İslam Respublikasının yığmasına qarşı keçirəcək. Ertəsi gün rəqibimiz meydan sahibləri – Oman idmançıları olacaq. Sentyabrın 7-də - yarışın sonuncu günü hokkeyçilərimiz Tailand millisini sınağa çəkəcəklər.
Reqlamentə görə turnirdə 1-ci yeri tutan seçmə komanda Dünya Hokkey Liqasının 2-ci raunduna vəsiqə qazanacaq. Həmin mərhələnin oyunları hərəsində 8 iştirakçı olmaqla ABŞ, Sinqapur və CAR-da keçiriləcək. Oman turnirinin qalibi 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasında keçiriləcək 2-ci mərhələdə yarışmaq hüququ qazanacaq. (AOHF)