Azərbaycan Cəbəllütariqə qalib gəldi, Ermənistanla dueli gözləyir
Azərbaycanın 16 yaşadək oğlan otüstü hokkeyçilərdən ibarət seçmə komandası Litva Respublikasının paytaxtı Vülnüs şəhərində keçirilən Avropa çempionatında ilk oyununu keçirib və 3:2 hesabı ilə qələbə qazanıb. Azerisport.az xəbər verir ki, B qrupuna daxil olan hokkeyçilərimiz Cəbəllütariq yığması ilə oyunun birinci hissəsində kifayət qədər üstünlüyə malik olsalar da, fasiləyə 0:0 hesabı ilə yollanıblar.
İkinci hissənin əvvəlində - 39-cu dəqiqədə Fuad Əsgərov nəhayət ki, çoxsaylı qol imkanlarından birini reallaşdıra bildi. Cəmi 11 dəqiqə sonra rəqiblər nəinki hesabı bərabərləşdirə, hətta 52-ci dəqiqədə irəli də çıxa biliblər. Həmin qoldan 2 dəqiqə keçmiş Elxan Hüseynzadə matçda tarazlıq yaradıb. Amma haqq-ədalət öz yerini alıb. 70-ci dəqiqədə Elxan komandamızın qələbə topunu da vurmağı bacarıb. Beləliklə, hokkeyçilərimiz 3:2 hesablı layiqli qələbə qazanıblar.
Bu gün hokkeyçilərimiz istirahət edəcəklər. Bir gün sonra isə həmyerlilərimiz Ermənistan yığması ilə qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 18-də başlayacaq. (AOHF)