Azərbaycan Cəbəllütariq və Ermənistana qarşı
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət seçmə otüstü hokkey komandası 2014-cü il iyulun 10-dan 13-dək Litva Respublikasının paytaxtı Vilnüs şəhərində keçirilən Avropa birinciliyində iştirak edəcək. Azerisport.az xəbər verir ki, yarışda 6 ölkənin yığma komandası 2 yarımqrupda növbəti mövsümdən yüksək dəstədə çıxış etmək hüququ verən 2 vəsiqə uğrunda mübarizə aparacaq.
“B” qrupuna daxil olan həmyerlilərimizin rəqibləri Cəbəllütariq və Ermənistan hokkeyçiləri olacaq. Digər qrupda isə yeganə vəsiqə uğrunda Bolqarıstan, İsveçrə və Litva yığmaları yarışacaq.
Azərbaycan hokkeyçiləri təqvimə görə ilk oyunlarını iyulun 10-da Bakı vaxtı ilə saat 15.00-da Cəbəllütariq komandasına qarşı keçirəcəklər. Bir günlük istirahətdən sonra saat 13.00-da idmançılarımız ilkin mərhələnin son oyununda ermənilərlə qarşılaşacaqlar. İyulun 13-də isə Pley-Off oyunları baş tutacaq. Reqlamentə görə həmin mərhələdə rəqiblər aşağıdakı qaydada görüşəcəklər:
3A – 2B
2A – 3B
1A – 1B
Hazırda Bakıda son təlim-məşq toplanışında olan seçmə komanda bazar ertəsi təcrübəli məşqçilər Ramiz Əliyev, Gennadi Məmmədov və Akif Məlikovun rəhbərliyi altında axırıncı məşqə çıxacaq. Həftənin şərşənbə axşamı, yəni iyulun 8-də sübh tezdən yeniyetmə oğlan hokkeyçilərdən ibarət idman nümayəndə heyətimiz Bakı-Kiyev-Vilnüs təyyarə reysi ilə Litvanın paytaxtına uçacaq. (Federasiyanın rəsmi saytı)