Adil Paşayev: Hədəfimiz Rio olimpiadasıdır
29 noyabr 2013 12:33
“Milli komandalarımızın bu mövsümdə çıxışını qənaətbəxş sayıram. Həm kişilər, həm də qadınlarımız son cəhddə Avropa çempionatının ilk “səkkizliy”indən kənar qaldılar”. Bunu azerisport.az saytına açıqlamasında Azərbaycan Otüstü Xokkey Federasiyasının baş katibi Adil Paşayev deyib.
Yanaşı olaraq, qadınlar arasında milli komandamıza başçılıq edən mütəxəssisin sözünə görə, gələn ildən vacib mərhələ - Dünya Liqasında mübarizə başlayır: “Yanvar ayından ümumi fiziki hazırlıq üzrə təlim-məşqlərə başlayacağıq. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Mərhələli seçmə yarışlarda Rio olimpiadasına lisenziyaların taleyi həll olunacaq. Məqsədimiz, bu oyunlarda iştirak etməkdir. Düzdür, iki dəfə buna çox yaxın olmuşuq, son anda, finalda fürsətimizi qaçırmışıq. Atalar üçdən deyib. İnanıram ki, bu mübarizədən qalib ayrılacağıq.
Qadın yığmamızda reytinq yaxşı olduğundan, onlar rəqabətə 2-ci raunddan qoşulacaqlar. Kişilər isə, 3-cü mərhələdən rəqabətə başlayacaqlar. Digər top komanda növlərindən fərqli, otüstü xokkeydə olimpiya oyunların vəsiqə məhdud saydadır. Təsnifatda sona qalmış 20 kollektivdən 12-si olimpiadada iştirak hüququ qazanacaq.
Bununla yanaşı, reytinqimizi yaxşılaşdırmağa çalışacağıq. Qadınlardan ibarət millimiz Avropada 11-ci, dünyada 17-cidir. Kişilər isə, qitədə 12-ci, dünya sıralamasında 34-cüdur. Amma onların son uğurları nəzərə alınmayıb. Yeni hesablamadan sonra, millimiz bir qədər də irəliləyəcək. Bu, böyük göstəricidir. 2005-ci ildə kişilərdən ibarət komandamızın adı heç dünya reytinqində yox idi”.