Lənkəranın Xəzəri 8 cavabsız qola üzüldü
24 aprel 2012 01:34
Bakıda otüstü hokkey üzrə XI Azərbaycan çempionatında ikinci turun oyunları start götürüb. Azerisport.az xəbər verir ki, ilk olaraq yüksək dəstədə çıxış edən kişi hokkeyçilərdən ibarət klubların komandaları meydana çıxıb.
Əvvəlcə Azərbaycanın 16 yaşlı oğlanlardan təşkil olunan Sumqayıtın “Gənclik” və “Şahdağ” (Qusar) komandaları qarşılaşıblar. Qusarlı hokkeyçilər oyunun birinci hissəsində rəqib qapısından 4 cavabsız top keçirərək yekunda qələbələrini elə həmin hesabla rəsmiləşdiriblər.
Turun ikinci görüşü ötənilki gümüş mükafatçısı “Atasport” (Bakı) və çempion “Akkord” arasında baş tutub. Əzəli rəqiblərin prinsipial qarşılaşmasında çox gərgin keçən görüşdə “Akkord” 4:1 hesablı qələbəsini təmin edib.
Qadın komandaları da şənbə günü 2 oyun keçiriblər. “Samur” (Qusar) –“Xəzər” (Lənkəran) matçında ölkə çempionatında cəmi 2-ci mövsüm çıxış edən “Samur” 10 illik təcrübəsi olan “Xəzər”in qapısından 8 cavabsız top keçirib.
Ötənilki çempion “Bakı” və gümüş medalların sahibi “Atasport-2” komandalarının qarşılaşması isə “Bakı”nın 5:1 hesablı qələbəsi ilə nəticələnib.