Azərbaycan yığmasının Haaqa toplanışı başa çatdı
16 mart 2012 13:39
2012-ci il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamagara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarının sonuncu - 3-cü seçmə turnirində yarışacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası martın 5-dən Hollandiyada idi. Azerisport.az xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində 10 günlük təlim-məşq toplanışında olan Azərbaycanın qadın otüstü hokkeyçiləri "zanbaqlar ölkəsinin" klubları ilə 4 yoxlama oyunu keçirdikdən sonra (1 məğlubiyyət, 1 heç-heçə və 2 qələbə) millimiz martın 12-də Belçikanın Kontiç şəhərində həmin ölkənin yığması ilə bir sınaq matçında qüvvəsini sınayıb.
Görüşün birinci hissəsində millimiz hesabı açsa da fasiləyə yaxın rəqib cavab qolu vurmağı bacarıb. Lakin ikinci hissədə baş məşqçi Adil Paşayevin yetirmələri əzmkar oyun nümayiş etdirərək qələbə qazanıblar - 2:1. Nəzərinizə çatdırırıq ki, ötən il Almaniyada təşkil olunan Avropa çempionatında koreyalı məşqçilərin rəhbərliyi altında yığmamız belçikalılara 1:3 hesabı ilə uduzmuşdu. Milli komandamız Kontiç şəhərində İrlandiya təmsilçiləri ilə daha bir yoxlama oyunu keçirib və qarşılaşmada heç-heçə qeydə alınıb-1:1. Xatırladırıq ki, martın 17-dən həmin şəhərdə London olimpiadasının seçmə turnirində Belçika, İspaniya, Meksika, Fransa, İrlandiya və Rusiya hokkeyçiləri yeganə vəsiqə uğrunda mübarizəyə qoşulacaqlar. Ötən gün təlim-məşq toplanışını başa çatdıran hokkeyçilərimiz gecə saatlarında Bakıya qayıdıblar.