Rusiya yığmamıza 4-cü oyunda da uduzdu
22 fevral 2012 22:04
2012-ci il 17-25 aprel tarixində Belçikada keçirilən London Yay Olimpiya Oyunlarına yeganə vəsiqə uğrunda seçmə turnirdə İspaniya, Meksika, İrlandiya, Fransa və yerli hokkeyçilərə qarşı mübarizə aparacaq Rusiyanın qadınlardan ibarət milli komandası Bakıda təlim-məşq toplanışını başa vurub. Xəbər verdiyimiz kimi, şimal qonşularımız ölkəmizdə təlim-məşq toplanışı ilə yanaşı, Azərbaycan yığması ilə 4 yoxlama oyunu da keçirib.
Azerisport.az xəbər verir ki, ilk görüşdə 1:0 hesabıyla qalib gələn ruslar dalbadal 3 dəfə məğlub olublar. 2-ci matçda 4:2 hesabı ilə qələbə qazanan həmyerlilərimiz fevralın 21-də rəqiblərini 4:0, bu gün keçirilən 4-cü və sonuncu görüşdə isə 3:1 hesabıyla məğlubiyyətə uğradıblar.
Əlbəttə, bu yoldaşlıq oyunları aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamagara şəhərində keçiriləcək anoloji turnirdə yarışacaq Azərbaycanın qadın hokkeyçiləri üçün də əhəmiyyətli olacaq. Bu yoldaşlıq matçlarında məşqçilər heyəti oyunçularımızın hazırlıq səviyyəsini bir daha sınamaq imkanı qazanıblar. Aprelin 25-də start götürəcək seçmə turnirdə yığmamız Yaponiya, Çili, Belarus, Malaziya və Avstriya yığmalarına qalib gələrək London olimpiadasına yeganə vəsiqəyə sahib olmağa çalışacaq.