Azərbaycan dünyada 15-ci, Avropada 7-ci oldu
4 noyabr 2011 13:54
Beynəlxalq Otüstü Hokkey Federasiyası (FİH) kişi və qadınlardan ibarət milli komandaların 2011-il üçün reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, oktyabrın 30-da dərc olunan reytinq sıralamasında qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan yığması planetin 63 ölkəsinin təmsilçiləri arasında 870 xalla 15-ci yeri tutur.
Müqayisə üçün qeyd edək ki, ötən ilki siyahıda milli komandamız 14-cü pillədə qərarlaşmışdı. Geriləməyə səbəbsə qadın otüstü hokkeyçilərimizin bu ilin avqust ayında Almaniyada keçirilən Avropa çempionatındakı uğursuz çıxışı olub. Avropa qitəsində isə yığmamız 700 xalla 23 kollektiv arasında 7-ci yeri tutur. Hər 2 siyahıda Hollandiyanın qadın otüstü hokkeyçiləri liderdirlər. Maraqlıdı ki, 2011-ci ildə MDB-də ən yüksək göstərici Azərbaycan millisinə məxsusdu. Rusiya, Belarus, Ukrayna və digər hokkey ölkələri Beynəlxalq Federasiyanın yenicə dərc olunan reytinq cədvəlində 20-ci yerdən yuxarı qalxa bilməyiblər.
Kişi otüstü hokkeyçilərdən ibarət milli komandaların yeni reytinq siyahısında həmyerlilərimiz dünyanın 74 hokey dövləti arasında 37-ci yerdədirlər. 2011-ci ilin iyul ayında Azərbaycan yığmasının Avropa çepionatının "Çelenc" yarışlarını lider kimi başa vurmaqla "Trofi" divizionuna keçməsi ötən illə müqayisədə onun 2 pillə irəliləməsinə şərait yaradıb. Avropanın 30 milli komandası arasında isə kişi hokkeyçilərimiz 185 xalla 18-ci yerdədi. Qitənin reytinq sıralamasına Almaniya hokkeyçilər başçılıq edir. FİH-n cədvəlində isə ən yüksək reytinq Avstraliya millisinə məxsusdu.