Baku Cup-2012-nin finalçıları bəlli oldu
27 iyul 2012 20:28
Bakı Tennis Akademiyasında “Baku Cup-2012” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, mərkəzi kortda yarımfinal mərhələsi çərçivəsində Serbiya tennisçisi Boyana Yovanovski rusiyalı Aleksandra Panova ilə qarşılaşıb.
Hazırda dünya reytinqində 95-ci pillədə yer alan 20 yaşlı gənc serbiyalı tennisçi ilk seti 6:2 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə də eyni hesabla qalib gələn B.Yovanovski görüşü öz xeyrinə bitirib – 2:0. Bu qələbə ilə Serbiya tennisçisi “Baku Cup-2012” beynəlxalq turnirinin final mərhələsinə yüksəlib.
Yarımfinal mərhələsi çərçivəsində növbəti oyun Rusiya tennisçisi Olqa Puçkova ilə ABŞ idmançısı Culiya Kohen arasında keçirilib. İki saat 36 dəqiqə davam edən oyunda dünyanın 177 nömrəli raketkası olan C.Kohen 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, “Baku Cup-2012” turnirində finala vəsiqə qazanan C.Kohen həlledici mərhələdə serbiyalı Boyana Yovanovski ilə mübarizə aparacaq. Final matçı iyulun 28-də Bakı Tennis Akademiyasının mərkəzi kortunda keçiriləcək.