Baku Cup-2012-də ikinci günün qalibləri bəlli oldu
24 iyul 2012 19:47
Bakı Tennis Akademiyasında “Baku Cup-2012” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, birinci kortda dünya reytinqində 177-ci pillədə olan 24 yaşlı Olqa Puçkova (Rusiya) turnirin 7 nömrəli tennisçisi özbəkistanlı Akgül Amanmuradova ilə qarşılaşıb. Maraqlı idman mübarizəsində keçən oyunda O.Puçkova 2:1 hesabı ilə qalib gəlib.
Üçüncü kortda Karolina Qarsiya (Fransa) və Marta Domaxovska (Polşa) qarşılaşıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən M. Domaxovska növbəti mərhələdə lüksemburqlu Mendi Minella ilə qarşılaşacaq.
Mərkəzi kortda turnirin 6 nömrəli raketka ustası rusiyalı Nina Bratçikova Avstriya təmsilçisi Patrisiya Mayr-Axlaitnerlə qarşılaşıb. Dünya reytinqində 99-cu pillədə qərarlaşan 27 yaşlı N.Bratçikova ilk setdə 6:2, ikinci setdə də 6:4 hesabı ilə qələbə qazanaraq rəqibini sürpriz etməsinə imkan verməyib - 2:0. Rusiyalı tennisçi növbəti mərhələdə İspaniya təmsilçisi Estrella Kabeza Kandela ilə qarşılaşacaq.
İkinci kortda isə Noppavan Lertçevakarn (Tailand) və Laura Pous-Tio (İspaniya) münasibətlərinə aydınlıq gətiriblər. İyirmi yaşlı tailandlı tennisçi təcrübəli rəqibi qarşısında ciddi mübarizə apara bilməyib. Zədələnən gənc tailandlı tennisçi rəqibinə 0:2 hesabı ilə məğlub olub.
İlk mərhələni uğurla başa vuran digər tennisçi isə polşalı Sandra Zaniyevska olub. Gənc tennisçi Ukrayna təmsilçisi Elina Svitolinanı 6:1 və 7:6 hesabı ilə məğlub edərək ikinci tura vəsiqə qazanıb.