Tarixi matç, nəhayət ki, 666-cı dəqiqədə başa çatıb (YENİLƏNDİ)
25 iyun 2010 15:56
Dünən tennis üzrə Uimbldon turnirində amerikalı Con İznerlə fransız Nikola Mayu arasındakı tarixi oyun, nəhayət ki, başa çatıb.
Ümumiilikdə, oyun 666 dəqiqə davam edib. 5-ci set 70:68 hesabı ilə amerikalı tennisçinin xeyrinə başa çatıb. Oyun 183 geymdən ibarət olub ki, bunun 138-i son setin payına düşüb. Üç gün fasilələrlə davam edən matçda İzner 112 eysə imza atıb. Fransızın hesabında 103 eys var.
Oyun başa çatandan sonra hər iki tennisçiyə və matçın hakimi Məhəmməd Lahyaniyə (İsveç) xatirə medalları təqdim edilib.
Xatırladaq ki, Con İzner (ABŞ) və Nikola Mayu (Fransa) arasında keçirilən oyun srağagün 5-ci setdə hesab 59:59 olarkən ikinci dəfə təxirə salınmışdı.
Oyun zamanı hətta elektron tablo hesabı qeydə almaqdan imtina edib – tablonun 50-dən artıq geymi qeydə almaq imkanı yox imiş.
Bu oyuna qədər oyunun davam etdiyi müddətə görə rekord 2004-cü ildə «Rolan Qarros»da oynanılmış Arno Kleman – Fabris Santoro matçına aid idi. Onlar kortda fasiləsiz 6 saat 33 dəqiqə keçirmişdilər.