Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi
10 avqust 2012 13:16
Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. Azerisport.az xəbər verir ki, bunu taekvondo üzrə 68 kq çəki dərəcəsində çıxış edən Sərvət Tazegül gerçəkləşdirib.
Qeyd edək ki, daha öncə Avropa və dünya çempionluğunu da əldə etmiş 23 yaşlı taekvondoçunun anası Gültan Tazegül 2 ay öncə dünyasını dəyişib. Anası sağ ikən “Mənim oğlum olimpiya çempionu olacaq” deyib. Əzizini itirdikdən sonra Sərvət “Anam üçün qazanacağam” söyləyib. O, olimpiadada verdiyi sözə əməl edib.
Qazandığı uğur münasibətilə Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan telefon açaraq, Tazegülü təbrik edib. Olimpiya çempionuna qızıl medalı Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Uğur Ərdənər təqdim edib.
Qeyd edək ki, Türkiyə London olimpiadasında daha öncə yalnız 1 bürünc medal qazanmışdı.