Amerikalı idmançıdan yeni dünya rekordu
1 avqust 2012 17:37
27 yaşlı amerikalı üzgüçü Maykl Felps Olimpiya oyunları tarixində bir idmançı tərəfindən qazanılmış medalların sayına görə yeni dünya rekordu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, amerikalı idmançı bununla da görkəmli sovet gimnastı Larisa Latıninanın rekordunu təzələyib.
Latınina 1956, 1960 və 1964-cü illərin olimpiadalarında 18 medal, o cümlədən 9 qızıl, 5 gümüş və 4 bürünc medal qazanmışdı. Maykl Felps isə bu il iyulun 31-də özünün sayca 18-ci və 19-cu olimpiya medallarını qazandı.
Bu olimpiadaya qədər Maykl Felpsin 17 olimpiya medalı vardı. Felps 2004-cü və 2008-ci ilin Olimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı. Bu üzgüçü iyulun 31-də Londonda özünün 18-ci və 19-cu olimpiya medallarını da təmin edib.
Felps əvvəlcə batterflyay üsulu ilə 200 metr məsafəyə üzməkdə gümüş mükafatçı olaraq Latıninaya çatıb, bunun ardınca sərbəst üsulla 4 x 200 metr estafet yarışlarında qızıl medal qazanaraq onu ötüb keçib.
Artıq 15 qat olimpiya çempionu olan Maykl Felps London Olimpiadasında daha 3 növdə: batterflyay üsulu ilə 100 metr, kompleks üsulla 200 metr və kompleks üsulla 4 x 100 metr məsafəyə estafet yarışlarında çıxış etməlidi.