BP olimpiyaçılarımıza uğur arzuladı (FOTOREPORTAJ)
12 iyul 2012 01:24
"BP Azərbaycan" şirkəti London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yola salma mərasimini keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, BP Milli Olimpiya Komitəsi (MOK) ilə tərəfdaşlıq müqaviləsi imzalayıb, bundan başqa, Azərbaycanın 7 olimpiyaçısına dəstək verir.
"Biz dəstək verdiyimiz idmançıları təkcə idman nailiyyətlərinə görə deyil, həm də insani keyfiyyətlərinə görə seçmişik. London Olimpiya Oyunlarında 53 Azərbaycan idmançısının iştirakı şərəflidi”.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə qeyd edib ki, BP gözəl ənənə yaradıb: "Gələcəkdə digər şirkətlər tərəfindən bu ənənənin dəstəklənməsini arzulayırıq. BP-nin dəstəklədiyi idmançıların medalla qayıtması belə layihənin uğurlu olduğunu göstərə bilər".
Bu il ölkədə "İdman ili"nin elan edildiyini qeyd edən nazir Azərbaycan idmanının inkişaf yolunda olduğunu bildirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə bildirib ki, Azərbaycan hər Olimpiadada uğurlarını daha da artırır. Bu ilin Azərbaycanda "İdman ili" olması ilə yanaşı, MOK-un da 20 illik yubileyi qeyd olunur. Hüseynzadə ümidvar olduğunu bildirib ki, MOK ilə BP arasında əməkdaşlıq London Olimpiadasından sonra, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da davam edəcək.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Paralimpiya Oyunlarına ilk dəfə 1996-cı ildə iki idmançı ilə qatılan Azərbaycan London Paralimpiya Oyunlarında 6 növ üzrə 21 idmançı ilə təmsil olunacaq.