Olimpiadanı yayımlayacaq telekanalların şərhçiləri üçün treninq
23 iyun 2012 15:37
2012-ci il London Yay Olimpiya Oyunlarını ölkəmizdə yayımlayacaq İctimai Televiziya və “İdman Azərbaycan” telekanallarının şərhçiləri üçün iyunun 22-də Azərbaycan Milli Avarçəkmə Federasiyasının İdman Araşdırmalar Mərkəzi ilə birgə treninqinə start verilib. Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində keçirilən məşğələlərə şərhçilər qismində Elman Himayətoğlu, Mahir Cəbiyev (hər ikisi İctimai Televiziya) və Fərid Ramazanov (“İdman Azərbaycan”) qatılıb.
Treninqdə akademik avarçəkmə, kayak və kanoe növləri, onların xüsusiyyətləri, London olimpiadasına lisenziya qazanmış akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva, kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti, onların rəqibləri və digər məsələlər barədə ətraflı məlumatlar veriləcək. Nəzəri və praktiki məşğələlər AMAF nəzdində fəaliyyət göstərən məşqçilər tərəfindən aparılacaq. Üç gün davam edəcək treninqin yekunu olaraq, tele-şərhçilərə sertifikatlar təqdim olunacaq.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti