Los-Angeles Times: Azərbaycan millisi olimpiadada dəbli görünəcək
21 iyun 2012 15:51
İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Olimpiya oyunlarına hələ bir aydan çox vaxt qalsa da, Azərbaycan milli komandasının yarışlarda iştirakı artıq beynəlxalq medianın diqqətindədi. Azerisport.az xəbər veir ki, ABŞ-ın nüfuzlu “Los-Angeles Times” qəzeti oyunlara qatılacaq Azərbaycan milli komandasının geyim formalarından yazıb.
Qəzetin yaydığı xəbərə görə, ölkəni təmsil edəcək idmançıların libasları Avropanın məşhur “Ermanno Şervino” şirkətinin moda evi tərəfindən hazırlanır. Azərbaycanın London Olimpiadasında “yaddaqalan və dəbli” olacağını hesab edən “LA Times” məşhur italyan dizaynerinin milli komandamız üçün yaratdığı geyim kolleksiyasını təsvir edib. Yazıda bildirilir ki, idmançıların geyim formaları dövlət bayrağının rənglərini əks etdirərək göy, qırmızı və yaşıl çalarlarda olacaq.
Komandanın rəsmi geyim forması sürməyi pencəklər, ağ pambıq köynəklər və kişilər üçün ağ şalvar, qadınlar üçün isə ağ düz yubkadan ibarət olacaq. Pencəklərin sinə cibinə Azərbaycan bayrağının səkkiz guşəli ulduzu tikiləcək. Qadın formalarına isə qırmızı kəmər əlavə ediləcək. İdmançıların rəsmi formasını Azərbaycan bayrağı rənglərində ipək qalstuklar və yaylıqlar bəzəyəcək. Olimpiya “kəndində” qaldıqları zaman isə milli komandanın üzvləri yenə də Azərbaycan bayrağı rəngləri ilə bəzədilmiş neylon idman formaları geyəcəklər.