Olimpiadada daha bir azərbaycanlı hakim
20 iyun 2012 15:18
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı daha bir hakim təmsil edəcək. Azerisport.az xəbər verir ki, bu, ötənlərin tanınmış boksçusu Rövşən Hüseynovdu.
İndi Hüseynov olimpiadada boks yarışlarında ədaləti qoruyacaq. 37 yaşlı mütəxəssis Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) tərəfindən 5 ulduzlu hakim kimi qiymətləndirilib. Hüseynov son illər bir çox əhəmiyyətli beynəlxalq yarışlarda ölkəmizi referi kimi təmsil edib. O, Avropa çempionatında (2010, Ankara), dünya çempionatında (Bakı, 2011), Avropa Olimpiya lisenziya turnirində (Trabzon, 2012), qadınlar arasında dünya çempionatında (Quançjao, 2012) hakimlik edib.
Qeyd edək ki, Rövşən Hüseynov boks növündə Azərbaycanın ilk Avropa çempionudu. O, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilmiş qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həm də Dünya Kubokunun qalibi olub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında boks yarışlarında hakim kimi təmsilçimiz olmayıb.