Azərbaycan himni Dohada səsləndi
Bu gün, ölkəmizdə hələ də “Novruz Bayramı” günlərinin davam etdiyi bir vaxtda, Azərbaycanın himni “Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunun sona çatdığı Dohada (Qətərdə) “ASPIRE Academy” idman kompleksində səslənib. Azerisport.az xəbər verir ki, hakimlərdən 15.825 xal toplayan gimnastımız Oleq Stepkonun parallel qollardakı final çıxışında tayı-bərabəri olmayıb. Fəxri kürsünün 2-ci və 3-cü pillələrinə isə müvafiq olaraq Kubadan Manrik Larduet (15.775) və Vyetnam təmsilçisi Fuok Xanq Fam (15.350) yüksəlib.
Dəstəli at üzərində finalda Oleq 3-cü yeri tam 15 xalla Sloveniyadan olan idmançı Saso Bertonseljlə bölüşdürüb, dayaqla tullanmada isə 5-ci yerdə qərarlaşıb (14.725).
Digər Azərbaycan gimnastı Petro Paxnyuk isə sərbəst hərəkətlərdə 5-ci yeri tutub, dəstəli at üzərində çıxışında Yaponiya təmsilçisi Daiki Yoroqo ilə 5-ci pilləni paylaşıb və parallel qollarda isə 7-ci olub.
Qadın idman gimnastikası üzrə yarışlarda Azərbaycanı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil ediblər. Dayaqla tullanma üzrə finalda çıxış edən Marina Nekrasova 6-cı yerdə qərarlaşıb.