Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu
Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib. Azerisport.az xəbər verir ki, “SmartScoring”in fəaliyyətinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan video nəzarəti də daxildir.
Məhz bu idmançının seçilməsi heç də təsadüfi deyil. Birincisi, gənc perspektivli gimnast Azərbaycanın qrup hərəkətləri komandasının tərkibində bu günlərdə Bakıda start götürəcək bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsinin iştirakçısıdır. İkincisi, Ayşən Bayramova ölkə çempionatının bürünc medalçısı və bir çox beynəlxalq yarışların qalibidir. Üçüncüsü isə, yenicə parlamağa başlayan ulduzun cəmi 17 yaşı var və “SmartScoring” komandasının fikrincə “onunla əməkdaşlıq idmançıya böyük şöhrət, brendin özünə isə şübhəsiz ki, uğurlar qazandıracaq”.
“Mənə göstərilən etimada görə minnətdaram və “SmartScoring”in siması olaraq söz verirəm ki, bizim komanda insan amili baxımından meydana gələn səhvlərə yol vermə riskini getdikcə azaldacaq, yekun xalın hesablanması və müəyyən olunmasında dəqiqlik və etibarlılığı yüksəldəcək” – deyə, gimnast bildirib.
Şıltaq təbəssüm və rəqəmlərin dəqiqliyi, elementlərin asanlıqla icrası və sistemin qüsursuz etibarlılığı, musiqi müşayiəti ilə bədən hərəkətlərinin ahəngi və nəticələrin səlisliyi - məhz bütün bunların bir sistemdə cəm olunması idman sahəsində yeni olan milli brendin məzmunudur.
Yeri gəlmişkən, “SmartScoring” artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində müsbət təcrübəyə malikdir. Belə ki, bu il komanda batut və idman gimnastikası üzrə keçirilən Dünya Kuboku yarışlarını, həmçinin bir sıra milli turnirləri xalların hesablanması sistemi və video nəzarəti xidməti ilə uğurla təmin edib. “Bakıda keçiriləcək Şahmat Olimpiadasının təşkilat komitəsi ilə əməkdaşlıq üzrə artıq razılığa gəlinmişdir, digər idman növləri üzrə milli federasiyalar da bizim xidmətlərimizə maraq göstərir, Avropa Gimnastika İttifaqı ilə əməkdaşlıq haqda danışıqlar gedir, həmçinin digər ölkələrdən də təkliflər alırıq. Biz əminik ki, gələcəkdə də idmançılar bu sistəmə tam etibar edəcək və diqqətlərini yalnız çıxışlarında cəmləşdirəcəklər” – deyə, şirkətin icraçı direktoru Emin Muxtarov qeyd etdi.