Qaydalar onları pozmaq üçün yazılıb?
İsrailin Holon şəhərində bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan gimnastları 37 ölkənin iştirak etdiyi mötəbər yarışa uğurla başlayıb.
Günün ilk yarısında yuniorlar arasında çıxış edən gimnastlarımız Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq ip və halqayla kompozisiyada həlledici mərhələyə vəsiqə qazanıb.
Günün ikinci yarısında qrup hərəkətləri üzrə komandamız xalça üzərinə çıxıb. Lentlə kompozisiyanın öhdəsindən gələn Azərbaycan yığması bazar günü keçiriləcək final mərhələsində iştirak imkanı əldə edib.
Təəssüf ki, millimizin halqa və gürzlə kompozisiyasında kuryoz hadisə baş verib. Təsəvvür edin, gimnastlarımızın çıxışı zamanı kompozisiyanı müşaiyət edən musiqi texniki problemlər səbəbindən yarımçıq dayanıb.
Hadisədən dərhal sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva musiqinin yarımçıq dayandırılmasına etiraz edib. Texniki Komitə əvvəlcə etirazı qəbul edərək Azərbaycan gimnastlarının kompozisiyanı yenidən yerinə yetirəcəyini bildirib. Qrup hərəkətləri üzrə yığma xalçaya çıxmağa hazırlaşdığı zaman Texniki Komitənin rəhbəri yenidən çıxış etməyin mümkünsüz olduğunu bəyan edib.
Müəyyən araşdırma aparmaqla Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında yerləşdirilən qaydaları əldə etdik. 1.5.2 maddədə deyilir: “Təşkilatçılar tərəfindən fors major hallar baş verərsə (işığın sönməsi, musiqi avandanlığının nasazlığı) gimnasta/qrupa hərəkətlərini yenidən nümayiş etdirməyə icazə verilir”.
Belə çıxır ki, qaydalar onları “pozmaq” üçün yazılıb?