Vernyayev: Stepko ilə tez-tez görüşəcəyik
İdman gimnastikası üzrə dünya və Avropa çempionu, ukraynalı Oleq Vernyayev Bakıda keçirilən Dünya Kubokunun yekunlarıyla bağlı danışıb. Azerisport.az açıqlamasında o, bunları söyləyib:
"Bakıda gördüklərim hər zaman olduğu kimi məni heyrətləndirdi. Dünya Kuboku yüksək təşkilatçılıqla yanaşı, həm də rəqabətlə yadda qaldı. Bu ölkənizə ikinci səfərim idi. İlk dəfə ötən yay Avropa Oyunları zamanı gəlmişdim. Bakı hər zaman xoş xatirələrlə yadıma düşür. Çünki, ilk dəfə Avropa Oyunlarında oldum və bu yarışda qızıl medal qazandım".
Vernyayev Dünya Kubokunda Azərbaycan komandasının çıxışı haqda bunları dedi: "Bakıda böyük təşkilatçılıq təcrübəsi var. Dünya Kubokunda zalda çoxlu sayda azarkeş görmək sevindirici idi. Azərbaycan komandasında Stepkonu qeyd edərdim. 3 medal qazandı. Onlardan biri qızıl oldu. Oleq çox yaxşı hazırlaşmışdı bu yarışda. Fikrimcə, onunla gələcəkdə mötəbər yarışlarda tez-tez qarşılaşacağıq".
Ukraynalı idmançı ölkədə gimnastikanın inkişaf mərhələsində olduğunu bildirdi: "İdman gimnastikasına böyük maraq var. Əvvəllər Azərbaycanın adı ancaq bədii gimnastikada çəkilirdi. İndi isə idman gimnastikası inkişafdadır. Dünya Kubokunda, eləcə də ilk Avropa Oyunlarında qazanılan medallar göstərir ki, güclü heyətiniz var. Fikrimcə, tez bir zamanda gimnastlarınız mötəbər yarışlarda əsas iştirakçılara çevrilib".