Azərbaycan Milli Paralimpiya Komitəsi BMT-nin Uşaq Fondu (UNİCEF) ilə Anlaşma Memorandumu imzaladı
8 oktyabr 2013 16:41
Oktyabrın 8-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AMPK-nın prezidenti İlqar Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Milli Məclisin deputatı Rauf Əliyev və milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev çıxış edərək sənədin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Bildirilib ki, dünyada ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması ölkəmizdə idmana, bədən tərbiyəsinə, paralimpiya hərəkatına olan dövlət qayğısının nəticəsidi. Beynəlxalq təcrübədə ilk dəfə olaraq komitənin nəzdində Uşaq Paralimpiya Hərəkatının yaradılması tarixi hadisədi. Bu, sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaları ilə yanaşı, onların evlərdən çıxaraq reabilitasiya olunmalarının, cəmiyyətə inteqrasiyasının təmini deməkdi.
Qeyd olunub ki, memorandumun məqsədi UNİCEF tərəfindən Uşaq Paralimpiya Hərəkatının formalaşması və inkişaf etdirilməsinə dəstək verməkdi.
Anlaşma Memorandumunu AMPK-nın prezidenti İ.Rəhimov və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard imzalayıblar.
Sonra milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev xüsusi medalı Mark Herevarda təqdim edib.
Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi İcraiyyə Komitəsinin qərarı ilə beynəlxalq təcrübədə ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb.