Nik Vuyçiç Bakıya gələcək
Heydər Əliyev Fondunun dəstəyi ilə, Milli Paralimpiya Komitəsinin əməkdaşları Kamal Məmmədov və Orxan İsgəndərov 7 aprel 2016-cı il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində səfərdə olan dünyaca məşhur avstraliyalı natiq-motivator Nik Vuyçiçlə görüşüblər. Azerisport.az xəbər verir ki, görüş zamanı Nik Vuyçiçin proqramının Azərbaycanda tətbiq olunması təklif edilib. Görüşdə onun 2017-ci ildə Azərbaycana gəlməsi barədə ilkin razılıq əldə edilib. Nik Vuyçiç səfərin dəqiq tarixi barədə qısa müddət ərzində məlumat verəcəyini bildirib.
Nik Vuyçiç haqqında məlumat:
1982-ci il 4 dekabr tarixində Avstraliyada dünyaya gələn Nik Vuyçiç (Nicholas James Vujicic) gen xəstəliyi nəticəsində Tetra-Amelia sindromu ilə qolsuz və ayaqsız anadan olub. Vaxtı ikən yaşadığı çətinliklərə baxmayaraq, hal-hazırda Nik dünyanın ən məşhur və tanınmış motivasiya natiqlərindəndir. İndiyədək beş qitədə, 57-dən çox ölkədə 3000 dəfədən artıq çıxış edib. O, eyni zamanda maliyyənin planlaşdırılması peşəsinə də sahibdir. Öz varlığı və fəaliyyəti ilə Nik minlərlə insana - "Həyatda divarlar yoxdur! Qəlbiniz rahatlıq taparsa, bütün divarlarınız qapıya çevrilər" şüarı ilə ümid hissi aşılayır. Dünyanı gəzməyi, balıq tutmağı, qolf oynamağı, üzməyi sevir. Ayağındakı iki barmaqla yazı yazır və futbol oynayır. Nik özünün "Üzvsüz həyat" (Life Without Limbs) dərnəyini qurub, "Kəpənək sirki" adlı filmdə baş rolu ifa edib, "Something More" adlı mahnının müəllifi və ifaçısı olub, "Hüdudsuz həyat" (Life Without Limits), "Qarşısıalınmaz" (Unstoppable), "Güclü ol" (Stand Strong), "Sərhədsiz sevgi" (Love Without Limits) adlı satış üzrə rekordlar qıran kitabların müəllifi olub. 2005-ci ildə "İlin Gənc Avstraliyalısı" mükafatına layiq görülüb. Şəxsi həyatında isə çox xoşbəxt olduğunu qeyd edən Nik sevən və sevilən bir ailə başçısıdır. Onun Kanae Miyahara adlı gözəl həyat yoldaşı və iki oğlu var.