Respublika Atçılıq Məktəbində Yaz birinciliyi keçirilib

Aprelin 24-də Respublika Atçılıq Məktəbinin idman manejində məktəblilər arasında atçılığın konkur növü üzrə “Yaz birinciliyi” turniri keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanın müxtəlif bölgələrinin təmsil edən 20 yeniyetmə idmançı öz qüvvəsini sınayıb.
Fəxri qonaq qismində yarışı izləyən Azərbaycan Respublikası Atçılıq Federasiyanın prezidenti Elçin Quliyev turnirin sonunda qalib idmançılara qiymətli hədiyyələr təqdim edib. Turnirdə idmançıların hazırlıq səviyyəsini müsbət qiymətləndirən Federasiya prezidenti hər bir idmançının problemləri ilə yaxından tanış olub, idmançılara mümkün dəstəyin göstərilməsi, hər ay məktəb daxili yarışların keçirilməsi və xüsusi potensialı olan idmançıların fərdi atlarla təmin olunması barədə müvafiq tapşırıqlar verib, məktəbin rəhbər heyətinə, məşqçilərə və idmançılara tövsiyələrini çatdırıb. Tədbirin sonunda ARAF-ın prezidenti Elçin Quliyev, federasiyanın idarə heyətinin üzvləri, məktəb nümayəndələri və yarış iştirakçıları ilə xatirə şəkili çəkdiriblər.