Qarabağ erməni təxribatına görə İrandakı turnirdə iştirakdan imtina etdi
"Qarabağ" reqbi klubu Tehranda təşkil olunan İran prezidenti Kubokunda iştirakdan imtina etməsi ilə bağlı bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:
"Klubumuzun internet səhifəsində və müxtəlif KİV nümayəndəliklərində “Qarabağ” RK-nın U-14 komandasının cari ilin noyabr ayında reqbi üzrə İran prezidenti Kubokunda iştirak etmək üçün Tehrana dəvət olunduğu haqda məlumat verilmişdi. Komandamız bu yarışa böyük həvəslə və məsuliyyətlə hazırlaşırdı. Lakin dünən KİV-də yayılan məlumat bizi olduqca məyus etdi. Tehranda keçirilən erməni olimpiadasında rəsmi olaraq qondarma “dağlıq qarabağ respublikası”nı təmsil edən “Artsax” komandası iştirak edir. Yarışmanın açılış mərasimində adı yuxarıda göstərilən komandanın nümayəndələri qondarma respublikanın bayrağı ilə idman dəstlərinin üzərində “Artsax” yazısı ilə maneəsiz olaraq dövrə vurublar. Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını iddia edən ölkənin paytaxtında keçirilən rəsmi yarışmada idman nazirliyinin bu hala şərait yaratması bizi təəccübləndirir. Bunun nəticəsində biz Şuşa şəhərini təmsil edən “Qarabağ” Reqbi Klubu olaraq İran İslam Respublikasından aldığımız dəvəti qəbul etməyi məqsədəuyğun saymırıq. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və ərazi bütövlüyümüzü şübhə altına salan təşkilatların bayrağı altında keçirilən yarışmalarda biz heç bir halda iştirak etməyəcəyik".