Taekvondo millimiz lisenziya xarakterli turnirə bu heyətlə yollanır
Təlim-məşqlərə start verən taekvondoçularımız “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaq. Azerisport.az xəbər verir ki, yanvarın 13-də Türkiyənin İstanbul şəhərinə yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq.
Bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq şansı verir. Yarışda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyoung Choi-nin yetirmələrindən isə -49 kq cəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (-67 kq) Yay Olimpiya Oyunlarına qatılmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, yanvarın 16-17-də keçiriləcək Avropa təsnifat turnirin finalında qarşılaşan idmançılar "Rio-2016"-ya vəsiqəni təmin etmiş olacaq.
Xatıradaq ki, yığma komandanın digər üzvü dünya və Avropa çempionu, I Avropa Oyunların qalibi Radik İsaev +87 kq çəki dərəcəsində dünya reytiq siyahısında tutduğu yer sahəsində artıq lisenziya əldə edib.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə İstanbula yollanacaq yığma komanda yanvarın 18-də vətənə dönəcək.