Taekvondo yığmamız dünya kubokuna sahib oldu
Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku keçirilib. Azerisport.az xəbər verir ki, Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıblar.
Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev,Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib. Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib.
Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar. Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreya təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib. Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) dünya kubokuna sahib olublar. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki,baş məşqçi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçusu seçilib.
Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komandamız 14 dekabrda vətənə dönəcək.