Azərbaycan Latviya və Çinə qarşı
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviya ilə qarşılaşacaq. İkinci yığmamızın rəqibi Finlandiya olacaq. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gələcək.
Turun daha çox maraq doğuran digər görüşləri Rusiya - ABŞ, Ukrayna - Gürcüstan, İngiltərə - Hindistan, Çin - Macarıstan, Polşa - Çexiya, Hollandiya - Kuba və Fransa - Almaniyadır.
7 turdan sonra hesabında 11 xal olan əsas millimiz turnir cədvəlində 8-cidir. İkinci yığmamız 9 xalla 27-ci, üçüncü komandamız isə 6 xalla 98-ci pillədə qərarlaşıb.
ABŞ millisi 13 xalla olimpiadanın vahid lideridir. 12 xal toplamış komandalardan Rusiya ikinci, Gürcüstan üçüncü, Ukrayna dördüncü, Hindistan beşinci, İngiltərə altıncı, Latviya isə yeddincidir.
Qadınlardan ibarət əsas millimiz sabah Çinlə qarşılaşacaq. İkinci komandamız Sinqapurla, üçüncü yığmamız isə Peru ilə görüşəcək.
Kişilərin mübarizəsində olduğu kimi, qadınlarda da VIII turda Rusiya - ABŞ qarşıdurması baş tutacaq. Ukrayna Macarıstanla, Polşa Hollandiyayla, Hindistan Özbəkistanla, Gürcüstan Argentinayla, Bolqarıstan Ekvadorla, Almaniya Monqoslustanla üz-üzə gələcək.
7 turdan sonra qadınların yarışında 5 komanda 12 xala malikdir. Rusiya birinci, Çin ikinci, əsas millimiz üçüncü, ABŞ dördüncü, Hollandiya isə beşincidir. 9 xal toplayan ikinci komandamız 24-cü, üçüncü yığmamız isə 32-ci yeri tutur.