Kişi şahmatçılarımız üçün uğursuz tur
Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb. Azerisport.az xəbər verir ki, kişilərin yarışlarında Azərbaycanın birinci yığması 1,5:2,5 hesabı ilə İngiltərə komandasına uduzub.
İkinci komandamız Serbiya yığması ilə heç-heçə oynayıb. Üçüncü yığmamız isə Yaponiya komandası üzərində təmiz qələbə qazanıb.
Qadınların yarışlarında Azərbaycanın birinci komandası Kolumbiya yığmasına 3:1 hesabı ilə, ikinci komandamız İsveçrə yığmasına 3,5:0,5 hesabı ilə qalib gəlib. Üçüncü yığmamız isə Belarus komandasına uduzub (1,5:2,5).
11 turdan ibarət olan yarışlar sentyabrın 13-də başa çatacaq.
Kişilərin açıq Olimpiadasında sonuncu tur ərəfəsində hər biri 18 xal toplamış ABŞ və Ukrayna komandaları liderlik edir. Rusiya komandası iki xal geri qalır.
Qadınların Olimpiadasında 18 xal toplamış Çin komandası irəlidədir. Rusiya komandasının 16 xalı, Polşa, Ukrayna, Hindistan və ABŞ komandalarının hər birinin 15 xalı var.