Gülhüseyn Abdullayev: Komandamın qarşıma qoyduğu vəzifəni yerinə yetirdim
"EuroFormula Open" çempionatının Portuqaliyanın Eştoril şəhərində keçirilən ilk yarışında 18-ci yeri tutan Gülhüseyn Abdullayev gələcəyə nikbin xəbər verir. "Formula-1" üzrə Avropa "Qran-pri"sinin ulduz elçisi azerisport.az-a açıqlamasında mayın 21-22-də Belçikanın Spa şəhərində baş tutacaq 2-ci mərhələdə daha yaxşı nəticə göstərəcəyinə inandığını söylədi:
"Portuqaliyadakı mübarizə yaxşı keçdi. Komandamın qarşıma qoyduğu vəzifəni yerinə yetirdim. Debüt yarışımda çox şey öyrəndim. Növbəti yarış daha yaxşı olacaq".
Abdullayev Eştorildə sonuncu - 22-ci pillədən start aldı. Öndəki 4 rəqibin qəzaya məruz qalması nəticəsində 18-ci yerə yüksəldi. Heç bir rəqibini ötərək geridə qoymadı. Gülhüseyn bunun üçün əlinə fürsət düşmədiyini dedi: "Düzdür, Portuqaliyada heç bir rəqibimi geridə qoya bilmədim. Ancaq bunun üçün əlimə fürsət düşmədi. Yoxsa ötməyə cəhd edərdim. Bolidimdən razıyam".