Bakıda Formula 1 həyəcanına start verildi
Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Bugünə təyin olunmuş trek içi və trek xarici tədbirlər hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qaldı. Üç günlük tribuna biletlərinin sahibləri günorta saatlarında Pitleyn yürüşü edərək, Formula 1 həyatını daha yaxından izləmək şansına malik olublar. Pitleyn yolunda izləyicilər komandların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesini addım addım izləmək imkanına malik olublar.
F1 Şəhərciyinin açılışı
Bu gün Azneft dairəsindən Dəniz Vağzalına kimi qurulan bütün əyləncə zonaları – həmçinin F1 Şəhərciyi
Bütün bilet sahiblərinin üzünə qapılarını açdı. Bu gündən etibarən tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilərlər.
Tamaşaçıların ən sevimli yeri Oyun Zonası ərazisi F1 şəhərciyində qurulub. Sürət sevən fanatlar simulyatorlarda test edib özlərini əsl F1 sürücüsü kimi hiss edə biləcəklər. İzləyiciləri hava turbini və dırmanma divarı kimi həyəcanlı atraksionlar gözləyir.
2016 Formula 1 Avropa Qran Prisinin izləyicilərini əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və Ənənəvi Azərbaycan Rəqqaslarının rəqsləri daxildir. Müxtəlif maili enişlərdən və relslərdən ibarət yarımdairəvi skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.
Bakı Şəhər Halqası əyləncə proqramında azyaşlı uşaqları olan ailələri də unutmayıb. Uşaqlar üçün əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrədən sürücülük məktəbi yaradılıb. Bundan əlavə həftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar.
Formula 1 Sürücülərinin Mətbuat Konfransı:
Bu gün ənənəvi olaraq cümə axşamı günü keçirilən Formula 1 sürücülərinin mətbuat konfransı xüsusi seçilmiş pilotların iştirakı ilə baş tutdu və sürücülər 2016 Formula 1 Avropa Qran Prisinin yarış həftəsonundan əvvəl medianın suallarını cavablandırdılar.
Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının rəsmi elçisi, McLaren Honda komandasının pilotu və ikiqat dünya çempionu Fernando Alonso Bakıda olmaqdan məmnunluğunu ifadə etdi: “Burada olan azarkeşlər Formula 1 haqqında çox məlumatlıdırlar və yarışı səbrsizliklə gözləyirlər. Yarış üçün artıq hər şey hazırdır. Bu trekdə unikal məqam böyük uzunluğa malik sürətlənmə xəttidir ki, burada sürət çox yüksək həddə olacaq və şəhər treklərində belə sürət nadir hallarda müşahidə olunur.”
Ferrari komandasının pilotu Sebastian Fettel də Azərbaycanda iştirak edəcəyi ilk yarış öncəsində müsbət əhval-ruhiyyədədir və yarışla bağlı belə danışdı: “Hesab edirəm ki, trek (Bakı Şəhər Halqası) həyəcanverici görünür. Mən sabah boliddə əyləşib trekdə sürüş edərək bu həyəcanı hissetməyi səbrsizliklə gözləyirəm. Pit Yoluna giriş bir az çətinlik törədəcək, ancaq yenə də hesab edirəm ki, biz məhz bunun üçün buradayıq.”
Williams komandasının pilotu Valteri Bottas da Bakı treki haqqında oxşar təəssüratlara malik olduğunu bildirdi və qeyd etdi ki, ötən həftə Kanadada keçirilmiş yarışı 3-cü yerdə bitirdikdən sonra Formula 1 təqvimindəki ən yeni şəhər trekini sınaqdan çıxarmaq üçün səbrsizlənir: “Monreal həqiqətən də bolidimiz üçün yaxşı treklərdən biridir, bu trek tamamilə bizim avtomobilin gücünə uyğundur. Ancaq qarşıda da bir sıra yaxşı yarışlar mövcuddur. İnanmıram ki, Bakı Şəhər Halqası bizimçün çox çətin olsun. Bununla yanaşı ondan sonra gələn üç yarış üçün də eyni fikirdəyəm. Tam əminəm ki, biz yenə də yaxşı həftəsonu yaşayacağıq. Əgər bolidi daha da yaxşılaşdırmağa çalışsaq, biz podiuma çıxa bilərik və bu məhz bizim komanda olaraq hədəfimizdir”.
Sahara Force India komandasının pilotu Niko Hulkenberq hesab edir ki, bu yeni trek bütün sürücülərdən daha yüksək səviyyədə mübarizə tələb edir: “Bu yeni bir trekdir. Bu haqda heç bir fakt və məlumat yoxdur, pilotlar da indiyədək bu trekdə dövrə vurmayıblar. Buna görə də, hamı sıfırdan başlayacaq və bu olduqca maraqlı olacaq. Sözsüz ki, trek həyəcanverici görünür və biz artıq buna şahid olmuşuq!”
Avtoqraf Sessiyalar:
2016 Formula 1 Avropa Qran Prisinin ilk günündə Bakı Bulvarının əsas səhnəsində pərəstişkarlar öz qəhrəmanları ilə avtoqraf sessiyalarında görüşdülər. Mercedes AMG Petronas, Red Bull Racing, Toro Rosso və Scuderia Ferrari pilotları ilə görüş fanatlar üçün əsl hədiyyə oldu.