Valtteri Bottas: Bakıdakı yarışı səbirsizliklə gözləyirəm
Williams Martini Racing komandasının üzvləri Bakıda keçiriləcək Avropa Qran Prisi haqqında fikirlərini bölüşüblər.
Pat Simonds (Williams komandasının texniki direktoru)
"Bakı Şəhər Halqası qeyri-adi trekə oxşayır və indiyədək treklə bağlı olan simulyasiyalar trekin incəliklərini dəqiqliklə göstərən xəritələrdən daha çox mütəxəssislərin təqdim etdikləri xəritələr əsasında hazırlanıb. Yarışın saat əqrəbinin hərəkətinin əks istiqamətində baş tutacağı 6 km uzunluğuna sahib şəhər trekinin ən diqqətəlayiq xüsusiyyətlərindən biri 16-cı döngədən start-finiş xəttini keçməklə 1-ci döngəyə qədər uzanan sürətlənmə xəttidir ki, burada bolidlərin maksimal sürətinin 320 km/saat həddini keçəcəyi gözlənilir.
Trekin birinci bölməsi 90 dərəcəli döngələrdən ibarətdir, ikinci bölmə isə bir-birinin ardınca davam edən iti bucaqlara sahib 7-12-ci döngələri əhatə edir. İkinci bölmənin sonunda yenə 90 dərəcə bucaqlı döngə gəlir və bu döngədən sonra bolidlər trekdə ən yüksək sürətlənmə xəttinə keçirlər. İndidən hava vəziyyəti barədə danışmaq tezdir, lakin Bakıda iyun ayının orta temperaturu 20 dərəcə civarında olur və bu ay ərzində maksimal temperatur 39 selsi dərəcə olub. Hesablamalara görə, biz Bakıda apreldə Bəhreyndə müşahidə etdiyimiz hava şəraitindən daha isti hava gözləyirik. Yenə burada iyun ayında ümumilikdə yağıntı miqdarı 8 mm təşkil edir və iqlim normalarına görə sadəcə bu ayın iki günü yağıntılı keçir. Biz Formula 1-də hər zaman çətinliklərlə mübarizə aparmaqdan zövq alırıq və ən yeni şəhər treki ilə bağlı hazırlanmış son simulyasiyalardan onu başa düşürük ki, Bakı bizi hər zaman öz sürprizləri ilə qarşılayacaq. Ən gözlənilməz vəziyyətə qarşı hazırlıqlı olmaq bizim vəzifəmizdir və biz bu yeni trekin incəliklərinə tezliklə yiyələnəcəyik".
Valtteri Bottas
"Azərbaycanda heç vaxt olmamışam, buna görə də bu səfərimin maraqlı olacağına inanıram. Ümumiyyətlə bu ölkə haqqında çox məlumatlı deyiləm. Gördüyüm qədəri ilə trek yaxşı təsir bağışlayır və həmçinin burada sürət yüksək həddə olacaq. Mənim yeni ölkələrə səfər etməyi, yeni mədəniyyətlərlə tanış olmağı və yeni şəhərlər görməyi xoşlayıram. Bu ölkə, Bakı şəhəri və xüsusən də yarış treki ilə yaxından tanışlığı səbirsizliklə gözləyirəm".
Felipe Massa
"Azərbaycana ilk səfərim olacaq və buna görə də məni bu ölkədə nələrin gözlədiyindən xəbərsizəm. Mən həqiqətən də yeni ölkə, yaxşı insanlar və eyni zamanda şəhərin mərkəzində yerləşən yarış treki ilə tanış olmağı səbrsizliklə gözləyirəm. Dəqiq deyə bilmərəm ki, bu trek Monakodakına oxşayacaq, yoxsa özündə həm Monakodakına, həm də Sinqapurdakına bənzər məqamlar əks etdirəcək. Bunu gəlib görəcəyik. Eşitmişəm ki, bu trek sürətlənmə xətti daha uzundur və buna görə də digər şəhər trekləri ilə müqayisədə burada ötmə hallarının çox olacağı gözlənilir. Ümid edirəm ki, biz Azərbaycana ilk səfərimizdən yaxşı nəticələrlə geri qayıdacağıq".