BŞH bir qrup tanınmış şəxsə Avropa Qran Prisi haqqında təqdimat keçirdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 1-də “Fairmont” otelində Azərbaycanın tanınmış media nümayəndələri və bloqqerlərindən ibarət bir qrup şəxsə bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Pri yarışını təqdim edib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai iştirakçılara Avropa Qran Prisi haqqında ətraflı məlumat verdi və bu yarışın Azərbaycana gətirəcəyi faydalardan danışdı. O bildirdi ki, yarışın keçirildiyi həftə ərzində paytaxt Bakıda bir sıra ticarət, xidmət və ictimai iaşə obyektlərində əhəmiyyətli dərəcədə iqtisadi canlanma olacaq.
Daha sonra tədbir kokteyl süfrəsi ətrafında qonaqlarla əməliyyat şirkətinin nümayəndələri arasında səmimi danışıqlarla davam etdi və görüşün bu hissəsində iştirakçıların yarış haqqında olan sualları cavablandırıldı.
Tədbirin sonunda qonaqlar üçün otelin “IMAX” kinoteatrında 1970-ci illərdə Formula 1-in məşhur pilotlarından Niki Lauda və Ceyms Hant arasındakı amansız rəqabətdən bəhs edən “Rush” filmi nümayiş olundu.