BŞH Əməliyyat Şirkəti Qafqaz Universitetində təqdimat keçirdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Könüllülər komandası fevralın 23-də Qafqaz Universitetinin tələbələrinə bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinin Könüllülük Proqramını təqdim ediblər. Azerisport.az xəbər verir ki, tədbirdə BŞH-nın işçi qüvvəsi üzrə koordinatoru Tural Hümbətov Könüllülük proqramında iştirak etməyin faydalarından danışdı. Onun sözlərinə görə, bu proqrama qoşulan tələbələr könüllülük fəaliyyəti vasitəsilə təşkilatçılıq bacarıqlarını inkişaf etdirəcək, özünə inam qazanacaq və öz liderlik keyfiyyətlərini kəşf edəcəklər.
Daha sonra çıxış edən BŞH-nın Könüllülər proqramının universitetlər üzrə koordinatorlarından Elgün Rzazadə və Təranə Həsənova tədbirdə iştirak edən 1200 yaxın tələbəyə Könüllülük proqramı haqqında ətraflı məlumat veriblər.
Həmçinin təqdimat zamanı tələbələrə Formula 1 haqqında və könüllülük fəaliyyəti ilə bağlı müxtəlif mövzularda intellektual suallar təqdim olunub. Sualları düzgün cavablandıran tələbələr Könüllülər komandası tərəfindən müxtəlif xatirə hədiyyələri ilə təltif olunublar.