Beynəlxalq Sığorta Şirkəti nəzarət auditini müvəffəqiyyətlə keçdi
23 iyun 2016 15:36
Bu ilin 13-14 iyun tarixlərində dünyanın ən böyük və nüfuzlu idarəetmə sisteminin sertifikatlaşdırılması şirkəti olan SGS-in Bakı ofisinin auditoru tərəfindən Beynəlxalq Sığorta Şirkətində keyfiyyətin idarəetmə sisteminin ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı növbəti nəzarət auditi keçirilmişdir.
Beynəlxalq Sığorta Şirkətinin bütün struktur vahidlərini və vəzifəli şəxslərini əhatə edən bu yoxlama müvəffəqiyyətlə başa çatmışdır. Audit hesabatında Şirkət rəhbərliyinin liderliyi, əməkdaşların peşəkarlığı və keyfiyyət üzrə mütəxəssisin yüksək hazırlığı kimi müsbət müşahidələr əks olunmuşdur.
Şirkət, 2006-cı ildə ilk dəfə ISO 9001:2000 Beynəlxalq Standartına uyğunluq barədə sertifikat almışdır. 2006-cı ildən 2015-ci ilədək Beynəlxalq Sığorta Şirkətində «SGS Kazakhstan Ltd», «SGS Tashkent Ltd», «SGS Azeri Ltd» şirkətlərinin aparıcı auditorları tərəfindən hər il yoxlama keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.