Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib. Azerisport.az xəbər verir ki, 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı üçün kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.
Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.
İdman sahəsində edilən müraciətlərə isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.