Beynəlxalq Sığorta Şirkəti tenderin qalibi oldu
7 mart 2016 15:30
“Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olmuşdur. BSŞ-dən verilən məlumata görə Şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq.
Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 milyon 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100.343 manat təşkil edəcək.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.