Regionlarda keçirilən yarışlar cüdoya böyük maraq oyadır
Azərbaycan Cüdo Federasiyasının qarşısında duran mühüm vəzifələrdən biri də respublikamızın bütün bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparmaqdır. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur.
İlin sonuna kimi regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə artıq Şəmkirdə "Qərb bölgəsi" və Bərdə rayonunda "Aran bölgəsi" yarışları keçirilib. Hər iki yarışda ümumilikdə 400 -ə yaxın yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Turnirdə qalib gəlmiş cüdoçulara federasiyanın diplom və hədiyyələri təqdim olunub.
Azərbaycan Cüdo Federasiyanın göstərdiyi bu təşəbbüs regionlarda böyük maraqla qarşılanıb. Növbəti həftə isə Zaqatalada "Şimal - qərb bölgəsi", Qəbələdə "Şimal bölgəsi" yarışları keçiriləcək. Region yarışlarının qalibləri respublika birinciliklərində mübarizə aparacaqlar.