Sadıq Sadıqov: Neftçinin zəfərləri üçün zaman lazımdır
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi:
- Azərbaycan cüdoçuları Rio Olimpiadasında iki gümüş medal qazandılar. Bu nəticəni necə qiymətləndirərdiniz?
- Əlbəttə ki, yüksək. Azərbaycan prezidenti İlham Əliyev Rio olimpiadasının iştirakçıları ilə görüşdə Braziliyada medal qazanan bütün idmançılarımızla yanaşı cüdoçuların da çıxışını yüksək qiymətləndirdi. Dövlət başçımız daima idmana xüsusi diqqət və qayğı göstərir. İdmançılarımız da beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında qazandıqları böyük qələbələrlə bu etimadı doğruldurlar. Çox sevinirik ki, qazanılan bu uğurlarda cüdoçularımızın da xüsusi payı var. Bütün bunlar göstərir ki, Azərbaycan Cüdo Federasiyasının tutduğu yol doğrudur.
- Sirr deyilsə, Rioda cüdoçuların qarşısına hansı vəzifəni qoymuşdunuz?
- Bilirsiniz, Rioda 6 çəki dərəcəsində təmsil olunduq. 60, 66, 73 və 100 kq çəki dərəcəsində yarışan cüdoçularımız hazırda dünya reytinqində ilk onluqda yer alıblar. Amma Olimpiya Oyunları sürprizlərlə dolu bir yarışdır. Hamı uğurla çıxış edib, medal qazanmaq istəyir. Elə ona görə də, Olimpiadada mübarizənin gərgin keçəcəyini, yarışların çətin olacağını bilirdik. Düzünü desəm, bir bürünc medal da bizim komanda üçün uğur sayılacaqdı. Şükürlər olsun ki, medalımız arzuladığımızdan çox oldu. Həm əyarına görə, həm də sayına görə.
- London Olimpiadasında medal qazana bilməyən cüdoçularımız yenidən fərqlənə bildilər. Demək olar ki, onlar əvvəlki hörməti və bu idman növünə olan marağı bərpa etdilər?
- Azərbaycanda cüdonun yaxşı ənənələri olub. Olimpiya, dünya, Avropa çempionlarımız var. Cüdo həmişə ölkəmizdə sevilib, sayılan idman növlərindən olub. Əlbəttə ki, Braziliyada qazandığımız uğurlardan sonra cüdoya maraq daha da artacaq. Azərbaycan Cüdo Federasiyası xüsusi bir proqram hazırlayıb. Cüdonun bütün regionlarımızda inkişafı, perespektivli gənclərə diqqətin daha da artırılması, klublarla sıx əməkdaşlığı nəzərdə tutmuşuq. Bu gün Azərbaycanın ən adlı-sanlı cüdo mütəxəssisləri federasiyada işləyirlər. Bir ailə olaraq yeni zirvələrin fəthi üçün çalışırıq. Ümüd edirik ki, elit idman növü olan cüdo ölkəmizdə daha da populyarlaşacaq.
- Demək olar ki, bir il öncə, sentyabrın 10-da cüdo federasiyasının vitse-prezidenti seçilmisiniz. Bu müddət ərzində görülən işləri necə qiymətləndirərdiniz?
- Təxminən bir il əvvəl Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildikdən sonra qarşımıza bir neçə vacib məsələ qoyuldu. Cüdo idman növünün ölkəmizdə kütləviliyini artırmaq, milli komandaların bütün yarışlarda iştirakını təmin etmək, bu komandaların təlim-məşq toplanışlarını ən yüksək səviyyədə təşkili və Olimpiya Oyunlarına lisenziyaların sayını artırmaq. Ötən bu dövr ərzində keçirdiyimiz ölkə çempionatlarında, turnirlərdə rekord sayda cüdoçu iştirak etdi. Bu cüdoçular demək olar ki, respublikamızın bütün bölgələrini təmsil edib. Həm də Federasiya onların bütün ezamiyyə xərclərini öz üzərinə götürdü. Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirdilər. Və bu bizim işimizə verilən ən yüksək qiymətdir. Həm əsas milli komandamız. həm də gənclərdən və yeniyetmələrdən ibarət seçmə komandalarımız bütün nüfuzlu beynəlxalq yarışlarda iştirak etdilər. Olimpiada da qazanılan iki medal, Avropa çempioanıtında əldə edilən medallar, beynəlxalq yarışlarda qazandığımız saysız-hesabsız uğurlar Azərbaycan Cüdo Federasiyasının bu müddətdə gördüyü işin aynasıdır. İlk dəfə olaraq, cüdo millimiz Avropa çempionatının komanda yarışlarında mükafata layiq yeri tutdu. Federasiya rəhbərliyi mütəmadi olaraq cüdo ictimaiyyətinin nümayəndələri, idmançılarla, onların məşqçiləri görüşür, fikir mübadiləsi aparır, problemlər aradan qaldırılır, gələcək planlar qurulur. Amma yenə də qolumuzu çırmalayıb cüdonun inkişafı üçün əlimizdən gələni edirik. İnfrastruktura, milli komandalarımızın təlim-məşq bazası, regionlarda cüdo mərkəzlərinin yaradılması və digər vacib məsələrlə bağlı hələ çox işlər görməliyik.
- Olimpiya yığmamızla görüşdə prezident İlham Əliyev Tokio Olimpiadasında Elmar Qasımovdan qızıl medal gözlədiyini bildirdi. Cüdoçularımızın 2020-ci ildəki Olimpiadada çıxışı nə dərəcədə uğurlu ola bilər?
- Rioda medal qazanan Elmar Qasımov və Rüstəm Orucov millimizin aparıcı üzvləridir. Braziliyada çıxış edən digər cüdoçularımız da inadla mübarizə apardılar. Orxan Səfərov 5-ci, Məhəmmədəli Mehdiyev 7-ci yeri tutdu. Cüdoçularımız ya dünya, ya da olimpiya çempionuna uduzdular. Əlbəttə ki, bu görüşlərin təhlili, analizi məşqçilər korpusunun işidir. Həm də bizim gənclər və yeniyetmələrdən ibarət milli komandalarda da perespektivli cüdoçular çoxdur. Ümüd edirik ki, Tokioda həm lisenziyalarımızın sayı çox olar, həm də uğurlarımızın.
- Peter Zayzenbaher yığmamızın baş məşqçisi postunda qalacaq?
- Zayzenbaher təcrübəli mütəxəssisdir. İdmançı kimi 2 dəfə olimpiya çempionu olub, məşqçi kimi olimpiya medalçıları, dünya və Avropa çempionları verib. Əlbəttə ki, belə uğurlu məşqçi ilə əməkdaşlıqda maraqlıyıq. İndi ikitərəfli müqavilə barədə danışıqlar gedir və bu barədə rəsmi məlumatı tez bir zamanda eşidəcəksiniz.
- Sizin gedişinizdən sonra "Neftçi"nin işləri elə də uğurlu getmir. Sizcə, bu komandanın çıxışı niyə alınmır?
- Vallah, cüdoda və İctimai Birlikdə işimiz o qədər çoxdur ki, heç futbolda gedən prosesləri izləməyə vaxt olmur. Mən "Neftçi"dən gedəndən sonra da doğma komandamızın uğuruna sevinmişəm, məğlubiyyətinə üzülmüşəm. Hər zaman da komandanın zirvələrdə olmasını istəyirəm. Zəfərlər üçün zaman lazımdır. Vaxt gələr, yenə də uğurlar olar.