Uşaq atletikası mövzusunda treninq-seminar (FOTOLAR)
14 noyabr 2012 14:03

Noyabrın 13-də Azərbaycan Atletika Federasiyası (AAF) “İnkişaf Naminə İdman” İctimai Birliyi (İNİ) və Milli Olimpiya Komitəsinin (MOK) birgə əməkdaşlığı ilə həyata keçirilən “Uşaq atletikasının inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Uşaq atletikası” mövzusunda növbəti treninq-seminar keçirilib. Azerisport.az xəbər verir ki, seminarda Bakı və Sumqayıt şəhər məktəblərindən 20 nəfər fiziki tərbiyə müəllimi iştirak edib.
Seminarı giriş sözü ilə açan MOK-un əməkdaşı və İNİ-nin rəhbəri Mehman Kərimov iştirakçı müəllimləri salamlayaraq atletika idman növünün ümumilikdə əhəmiyyətindən və beynəlxalq aləmdə artan reytinqi haqda çıxış edib. Sonra AAF-ın gənc məşqçisi və “Uşaq atletikası” üzrə məşqçi-təlimatçı Aqil Paşayev çıxış edərək “Uşaq atletikası”nın tarixçəsindən və treninq-seminarın məqsədindən, həmçinin müvafiq sahənin inkişafı ilə gələcək planlardan söz açıb. Bundan sonra AAF və İNİ-nin təlimatçıları iştirakçıları treninqin formatı və proqram haqda məlumatlandırıblar. Treninq-seminar nahar fasiləsindən sonra öz işini müxtəlif məktəblərdən dəvət olunmuş uşaqlar arasında uşaq atletikası üzrə yarışın təşkili ilə davam etdirib.
Bu yarışın təşkili uşaqlar və valideynlər arasında atletikanın təbliği ilə yanaşı, iştirakçılar müəllimlərin öz nəzəri biliklərini proqrama uyğun olaraq praktikada yoxlamaq üçün nəzərdə tutulub. Yarışda iştirak edəcək məktəblilər atletikanın atmalar, tullanma və qaçış idman növü üzrə 6 komandaya bölünüblər. Bütün yarışı təşkilatçı, hakim və komanda lideri rolunda çıxış edən 3 qrupa bölünmüş müəllimlər komandası həyata keçirirdi.
Yarışın sonunda layihənin işçi heyəti məktəbliləri və iştirakçı müəllimləri fəal iştiraklarına görə diplom və sertifikatlarla təltif ediblər.
Sonda məlumat üçün bildirək ki, Beynəlxalq Atletika Federasiyasının (BAF) təqdim etdiyi “Uşaq atletikası” proqramı 2005-ci ildə yaradılmış və hazırda əhatə dairəsinə görə dünyanın ən geniş yayılmış kütləvi idman layihələrindəndir. 2011-ci ilin sonlarına layihə dünyanın 100 ölkəsində 1.5 milliyon uşağı əhatə etmişdir. 2012-ci ildən başlayaraq BAF “Uşaq atletikası” proqramı üzrə məşqçi-təlimatçıların hazırlığı layihəsinə start vermişdir.