AÇ-2012-də leysan böhranı
15 iyun 2012 22:16
Polşa və Ukraynanın müştərək təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bir qədər qəribə hesab oluna biləcək hadisə baş verib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən D qrupunun Ukrayna – Fransa qarşılaşması güclü leysan yağışı səbəbindən təxirə salınıb.
Bakı vaxtı ilə saat 21:00-da start götürən qarşılaşma cəmi 5 dəqiqəsi oynanıldıqdan sonra hollandiyalı baş hakim Byorn Kaypers tərəfindən dayandırılıb. Meydançada hərəkət etməyin çətinliyini görən referi futbolçuları paltardəyişmə otağına aparıb.
Lakin qarşılaşma müəyyən fasilədən sonra davam etdirilib. Belə ki, təxminən 1 saat Donetskə yağan yağışın dayanmasını gözləyən komandalar 22:00-da yenidən meydana qayıdıblar. Hakim görüşü qaldığı dəqiqədən etibarən davam etdirib.
Qeyd edək ki, bu, Avropa çempionatları tarixində ilk belə hadisədi. İndiyə qədər keçirilən 14 qitə birinciliyinin heç birində qarşılaşma yağış səbəbindən təxirə salınmamışdı.