İslamiadada medallarımızın sayı 11-ə çatdı
26 sentyabr 2013 15:57
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların dördüncü günündə ölkəmizi təmsil edən idmançılardan daha biri medal əldə edib. Ağır atletika yarışlarında 85 kq çəkidə yarışan Namiq Cəlilov bürünc medalı qazanıb. Namiq birdən qaldırmada 151, təkanla qaldırmada isə 177 kq qaldıraraq, 328 kq nəticə ilə üçüncü olub.
Qeyd edək ki, Cəlilovdan əvvəl ağır atletikada Silviya Angelova və Əfqan Bayramov gümüş, Zülfüqar Süleymanov isə bürünc medal qazanmışdı.
Bütövlükdə isə, Azərbaycan artıq İslamiadada 11-ci medalını təmin etmiş oldu. Üzgüçülük yarışlarında Yevgeni Lazuka 100 metr məsafərə batterflyay üsulla üzmədə bürünc, 50 metr məsafəyə yarışlarda isə gümüş medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal qazanıb.
Qeyd edək ki, Azərbaycan idmançıları 3 qızıl, 5 gümüş və 3 bürünc medalla İslamiadada ümumi hesabda 6-cı yerdədi.