İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib. Azerisport.az xəbər verir ki, MOK-dan olan iştirakçılar IV İslam Həmrəyliyi oyunlarının başlanmasına qalan bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.
Azərbaycan MOK–nin vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyası–nin 2-ci vitse-prezidenti Dr.Çingiz Hüseynzadə bildirib:
“Bakı 2017 üçün bu cür müstəsna əhəmiyyətli həftədə Bakıya gələn çoxsaylı qonaqları qarşılamaqdan məmnun olduq. Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına artıq bir ildən də az vaxt qalmışdır və mən əminəm ki, MOK-lər öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qaldılar və biz gələn il uğurlu bir idman tədbirinin keçiriləcəyinə əminik".
Qeyd edək ki, bu gün keçirilən iclasda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.