“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”
Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, iclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirdilər.
IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum ilk olaraq Azərbaycan Hökumətinin IV İslam Həmrəyliyi oyunlarının hazırlıq prosesinə ciddi yanaşdığını və bu istiqamətdə işlərin yüksək səviyyədə aparıldığını bildirib.
“Bu gün Koordinasiya Komissiyasının 4-cü iclasında biz 2017-ci ildə bütün İslam dünyasının özünə cəlb edəcək IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesinin yüksək templə getdiyinin şahidi olduq. Növbəti, oyunlara 6 ay qaldığı müddət ərzində əminəm ki, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığı daha sıx şəkildə davam etdirəcəyik".
IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov isə öz çıxışında hazırlıq prosesi haqqında danışıb. Azad Rəhimov: “12 May 2017-ci ildə Bakıda baş tutacaq IV İslam Həmrəyliyi oyunlarına altı aydan çox vaxt qalıb və təbii ki, bu müddət ərzində görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıq prossesi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq".
Nazir çıxışında qeyd edib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq. Azad Rəhimov eyni zamanda bildirib ki, oyunlar ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxarmaqla bərabər, həmçinin bizi birlik, sülh, hörmət və mükəmməllik ruhunda birləşdirən vasitə olacaq.
İki günlük iclasda yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması, idman yarışları, marketing, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimlərinin müzakirəsi olacaq.